ASAN xidmət və ASAN Kommunal mərkəzlərində fəaliyyət göstərən Azərsu xidmət bölmələrinə abunəçilər tərəfindən 37720 müraciət edilib

16:01 - 1.11.2017


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi  xidmətlərdən istifadə genişlənib.

2017-ci ilin 9 ayında “ASAN xidmət” və “ASAN Kommunal”  mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 37720  müraciət edilib. Müraciətlərin  20359-u “ASAN xidmət”,  17361-i isə  “ASAN Kommunal”  mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edibr. Ən çox müraciət Sabunçu, Yasamal rayonlarındakı, eləcə də  Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal”  mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC  “ASAN Kommunal”  mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 91406 müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki  “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal”  mərkəzlərində təşkil olunub.

 


Bütün xəbərlər