Azərbaycanda malların idxalı və gömrük nəzarəti üzrə gömrük rüsumlarının həcmi artırılıb

13:04 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 344 nömrəli qərarı ilə “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilib. 

Vergi yığımının məbləği malların gömrük dəyərindən asılıdır.

Dəyişikliklərə əsasən,  gömrük dəyəri 1 000 manatadək olan malın yığım məbləği 15 manat (10 manat idi),  gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manat olan malın yığım məbləği 60 manat (50 manat idi), 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat (100 manat idi), 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda isə  200 manat təşkil edəcək.

Dəyişikliklərə həmçinin, 100 min manatdan 500 min manatadək mallar üçün 300 manat (275 manat idi), 500 min manatdan 1 milyon  manatadək mallara görə 600 manat məbləğində yığımların müəyyən edilməsi daxildir.

1 milyon manatdan artıq məbləğdə mallara görə yığımlar 1000 manat təşkil edəcək.

Qərar həmçinin,  gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımının  yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün - 20 manat, digər avtonəqliyyat vasitələri üçün - 15 manata qədər artırılmasını nəzərdə tutur.

GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) - 5 manatdan 10 manata qədər artırılıb.

 

Bütün xəbərlər