Ağcabədidə Nyukasl xəstəliyinə qarşı profilaktiki tədbirlər aparılır

14:48 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Ağcabədidə quşlar arasında Nyukasl xəstəliyinə qarşı  "H" ştammı ilə profilaktiki tədbirlər davam etdirilir. Rayonun Pərioğullar, Cəfərbəyli, Muğanlı, Şahsevən, Köyük ,Qaradolaq, Hindarx qəsəbəsi, Hüsülü,  Rəncbərlər və digər kəndlərdə peyvəndləmə işi aparılır.

2018-ci ilin 7 ayı ərzində Ağcabədi rayonunda quşlar arasında "Nyukasl" xəstəliyinə görə 400000 plana qarşı 352417 baş "H" vaksini ilə, 397800 baş "La-sota” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Cari ilin 7 ayı ərzində respublika epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində Nyukasl xəstəliyinə qarşı 18179345 baş quşda “H” ştammı, 19711364 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılıb.

Nyukasl xəstəliyi quşların yüksək kontagioz (xəstəliyin kontaktda olan bir heyvandan digərinə keçməsi) virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

Xəstəliyə qarşı peyvəndləmə intranasal (gözə və ya buruna  damızdırma), yaxud aerozol üsulla aparılır. Hazırda Nyukasl xəstəliyinə qarşı “B1”, “La-Sota”, “Klon 30” və “H” ştammlarından hazırlanan diri və inaktivasiya (zəiflədilmiş) olunmuş vaksinlərdən istifadə edilir. Ölkəmizdə isə quşlarda Nyukasl xəstəliyinə qarşı daha səmərəli olan “H” və “”La-sota” ştammları ilə peyvəndləmə aparılır.  

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

 

Bütün xəbərlər