Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir

11:38 - 8.08.2018


Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunmuşdur.

 

Bütün xəbərlər