Zakir Qaralov Saatlı rayonunda vətəndaşları qəbul edəcək

08.08.2018,16:00


8 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov avqustun 17-də saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected]  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.