Heydər Əliyev Beynəlxalq Aeroportu ilk 7 ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir

12:15 - 9.08.2018


9 avqust, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk 7 ayı ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir.

Bu göstərici ötən ilin analoji göstəricisindən 14% çoxdur. 

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 70 min sərnişin, milli loukoster “Buta Airways” aviaşirkətinin payına isə 259 min sərnişin düşmüşdür.

Beynəlxalq reyslərlə ümumilikdə 2 milyon 150 min sərnişin (ümumi sərnişin axınının 86 faizi) daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 33 faizi AZAL-ın,  12 faizi  isə “Buta Airways”in payına düşmüşdür. 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna iyul ayında Moskva, İstanbul, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Təl-Əviv daxildir. Bu istiqamətlərə 371 min sərnişin uçmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

 

Bütün xəbərlər