Azərbaycanda şəhərsalma sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir

10.08.2018,12:23


10 avqust, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında memorandum imzalanıb.

İmzalanma mərasimində Dövlət Komitəsinin sədri Samir Nuriyev deyib ki, şəhər infrastrukturunun yaradılması, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, qanunvericiliyk, tikinti və şəhərsalma normalarının  pozuntuları kimi bir sıra nöqsanlara da yol verilib.

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq şəhərsalma, tikinti və memarlıq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə, habelə müəyyən vəzifəli şəxslərin, hüquqi və fiziki şəxslərin səlahiyyətlərinin sui-istifadəsinin qarşısının alınmasına kömək edəcəkdir”, - S.Nuriyev belə deyib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Memorandum, bu sahədə korrupsiyaya qarşı birgə mübarizədə mühüm rol oynayacaq və digər sahələrdə də əməkdaşlığı genişləndirəcək.

 

Açar sözlər: memorandum korrupsiya