Tehranda Azərbaycan, İran və Rusiya başçılarının üçtərəfli sammiti keçirilib

10:54 - 2.11.2017


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Tehranda keçirilən üçtərəfli sammitdə iştirak edib.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir.

“Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər.

Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir.

“Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür. Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır”, - deyə İlham Əliyev bildirib.

Prezident bildirib ki, gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır.

Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

 

 

Bütün xəbərlər