Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

02.11.2017,11:07


Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2017-2018-ci tədris ilində də davam etdirilir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

Tədbirlərdə şagirdlər, müəllimlər, valideynlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları belə  neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin yaratdığı fəsadlardan danışılır. Şagirdlərə belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə tövsiyələr verilir. Ölkədə narkomaniya və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunur. Həmçinin, müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır, müzakirələr aparılır.  

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər, videoçarxlar nümayiş olunur.