Azərbaycan, İran və Rusiya başçılarının növbəti üçtərəfli sammiti Moskvada keçiriləcək

11:08 - 2.11.2017


Azərbaycan, İran və Rusiya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış etdilər.

İran prezidenti Həsən Ruhani qeyd etdi ki, görüş zamanı bir sıra məsələ müzakirə olundu.

“Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni “Şimal-Cənub” nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq”, - İran dövlətinin başçısı belə deyib.

Onun sözlərinə görə, həmçinin, üç ölkə arasında iqtisadi sahədə əlaqələrin gücləndirilməsi haqqında qərar qəbul edilib.

H. Ruhani bildirib: “Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İran ilə Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır. Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik. Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik”.

İran prezidenti vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq üçün bir sıra yaxşı imkan mövcuddur. Hər üç ölkə neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malikdir. Bizim bir-birimizlə texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılması çox önəmlidir.

“Biz üç ölkənin elektrik enerjisi şəbəkələrinin bir-birinə birləşdirilməsini çox vacib hesab edirik. Biz üç ölkənin elektrik enerjisindən qarşılıqlı olaraq istifadə etməliyik. Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək”, - H. Ruhani belə deyib.

İran dövlətinin başçısı qeyd edib ki, Vladimir Putin növbəti görüşün Rusiyada keçirilməsini təklif etdi və tərəflər bu təklifi qəbul etdi. Növbəti görüş gələn il Rusiyada keçiriləcək.

 

Bütün xəbərlər