Vladimir Putin Azərbaycana və İrana enerji sahəsində rəqabət aparmağı deyil, əməkdaşlıq etməyi təklif etdi

11:15 - 2.11.2017


Azərbaycan, İran və Rusiya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış etdilər.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki,  Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır.

“Lakin bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir”, - V.Putin belə deyib.

Onun sözlərinə görə, hər üç ölkədə karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, daxili logistikanı nəzərə tutaraq, bu xammalı üç ölkənin bir-birininə göndərməyə maraq var.

“Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər. Biz digər sektorlarda münasibətlərin inkişafından da danışmışıq. Bizim nöqteyi-nəzərimizcə humanitar, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, dövlətlərimizin regionları arasında əlaqələr və təbii ki, mədəniyyət sahəsində əlaqələr olduqca mühümdür. Biz hamımız Xəzəryanı dövlətlərik. Ümidvaram ki, biz Xəzər problematikası, Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın bütün parametrlərini uyğunlaşdıracağıq”, - deyə prezident V.Putin bildirib.

 

Bütün xəbərlər