330x110
 

İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur

13.08.2018,11:00


13 avqust, Fineko/abc.az. Azərbaycan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib.

 Konvensiyanın imzalanmasından sonra Azərbaycan Prezidenti  İlham Əliyev bildirib ki, Konvensiya imzalanana qədər də ikitərəfli və çoxtərəfli münasibətlər kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi.
 
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.
Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”, - İ. Əliyev belə deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.
 
“Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.

«Bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir”, - dövlət başçısı belə deyib.