Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb

15:45 - 13.08.2018


13 avqust, Fineko/abc.az. Qeyri-rəsmi məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları həmçinin təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində  müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nərimanov rayonunda “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda bu sahədə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. 
Tədbirdə qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu izah edilib. Belə halların nəqliyyat iqtisadi sahəsində də mövcud olduğu, işəgötürənlərin bu məsələyə daha məsuliyyətlə yanaşmalarının, hər bir işçi ilə məhz əmək müqaviləsi əsasında əmək münasibətləri qurmalarının vacibliyi diqqətə çatdırılıb. 
Seminarda nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb.

Bütün xəbərlər