İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak etdi

12:00 - 13.08.2018


13 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılış mərasimində iştirak edib.
Mərkəzin direktoru Ziya Ağayev dövlət başçısına tarixi İpək Yolu üzərində yerləşən və gücü gündəlik 30 min ton, ildə isə 11 milyon ton olan mərkəzin ərazisində görülən işlər barədə məlumat verdi.
Xarici bazarlara logistika mərkəzi vasitəsilə yerli aqrar məhsulların ixrac edilməsi planlaşdırılır.
Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. 
Mərkəz vahid gömrük məntəqəsi kimi təsdiq olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Bunun üçün bütün xidmətlər “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. 
Mərkəzin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var.

Bütün xəbərlər