Səyyar ASAN Kommunal Zabratda

16:22 - 14.08.2018


14 avqust, Fineko/abc.az. 14 avqust 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. (Zabrat qəsəbəsində İcra nümayəndəliyi binasının yanında  xidmətin müddəti otuz gün 14.08.2018 tarixdən-14.09.2018 tarixədək)

İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” Mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda  xidmətlər göstərməyə başlanılacaq.

Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Bütün xəbərlər