Azərbaycan və Böyük Britaniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

18:45 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Azərbaycan ilə Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu sahədə ikitərəfli əlaqələr qurularaq inkişaf etdirilə bilər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Karol Mari Krofts ilə nazirlikdə keçirdiyi görüşdə bildirib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib. 

S.Babayev “British Council” tərəfindən icra olunan və BP tərəfindən dəstəklənən “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətini qeyd edib. Nazir  bildirib ki, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək, məşğulluq, sosial təminat sahələrində idarəçilik və xidmətlərin avtomatlaşdırılması, bu sahələrdə “bir pəncərə”dən xidmət modelinin tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, əməyin təhlükəsizliyi və s. sahələrdə Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər. Bu məqsədlə həmin qurumlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün də imkanlar var.

K.M.Krofts Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi yönündə aparılan işləri maraqla izlədiyini, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrini əhatə etməsi üçün onun tərəfindən də səylərin göstəriləcəyini vurğulayıb.
 Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər