Əmlak Məsələləri Dövlət Komitəsi “Azerbaijan Fish Factory” şirkətini investisiya müsabiqəsinin qalibi elan etdi

14:09 - 15.08.2018


15 avqust, Fineko/abc.az. S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir ki,  iki investordan təkliflər daxil olmuşdur və onların qiymətləndirilməsindən sonra “Azerbaijan Fish Factory” MMC-ni qalib elan etmək qərara alınmışdır.

“Təqdim edilən investisiya proqramına əsasən, “Azerbaijan Fish Factory”  S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun inkişafına 3079  min manat yatırmağı, həmçinin, dövlət büdcəsinə 750 min manat ödəməyi öhdəsinə götürmüşdür”, - məlumatda belə deyilir.

Vəsaitlər mövcud nohurların tam rekonstruksiyasına və yeni nohurların tikintisinə, qapalı su təchizatı əsasında fəaliyyət göstərən istehsalat ərazisinin yaradılmasına, o cümlədən, mövcud su hövzələrinin rekonstruksiyasına  və yenilərinin inşasına, həmçinin  inşaat-tikinti işlərinin aparılmasına və inzibati binaların restrukturizasiyasına, su təchizatı sisteminin yenilənməsinə və ərazinin abadlaşdırılmasına yönələcək.

“İnvestisiya proqramının həyata keçirilməsi nəticəsində müəssisə, Xəzəryanı ölkələr arasında nohurlar, açıq və qapalı su təchizatı sistemləri əsasında fəaliyyət göstərən ixtisaslaşdırılmış ilk müəssisə olacaqdır. Zavodun fəaliyyəti, ölkənin qida sənayesinin inkişafına yardım etməklə yanaşı, əhalinin balığa olan tələbatını təmin etmək üçün şərait yaradacaqdır”, - məlumatda belə deyilir.

Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır

“Gözlənildiyi kimi, müəssisədə 28 yeni iş yerinin yaradılması, habelə fəaliyyət dairəsindən asılı olaraq işçilərə 300 manatdan az olmayan məbləğdə əmək haqqının verilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Zavodun fəaliyyəti, ölkənin qida sənayesinin inkişafına yardım etməklə yanaşı, əhalinin balığa olan tələbatını təmin etmək üçün şərait yaradacaq.

 

Bütün xəbərlər