Son üç ayda 205 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul olunub

11:20 - 16.08.2018


16 avqust, Fineko/abc.az. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsi ilə 7 fevral, 8 fevral,13 fevral və 9 iyul 2018-ci il tarixlərində müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib. 
Bu elanlarda nazirlik üzrə təqdim olunan ümumilikdə 703 vakant yerə iddia edənlər arasından 381 namizəd müsahibə, ümumi müsahibə və daxili müsahibələr nəticəsində iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin Aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir. 
Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.

 

 

 

 

Bütün xəbərlər