Sentyabrda Bakıda “ADEX-2018” Beynəlxalq müdafiə sənayesi sərgisi təşkil ediləcək

16.08.2018,15:44


16 avqust, Fineko/abc.az. 2018-ci ilin sentyabrın 25-dən 27-dək Bakıda “ADEX-2018” Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumatda deyilir ki, hazırlıq işləri davam edir.

Bölgədə ilk dəfə 2014-cü ildə təşkil edilən və hər iki ildən bir keçirilən ADEX sərgisi silah və hərbi texnikanın nümayişi üzrə ən miqyaslı tədbirdir.

Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə inkişaf etmiş ölkələrin 200-dən çox şirkətinin iştirakı gözlənilir.

ADEX-2018 yerli və xarici kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub. Sərgi artıq 60-dan çox aparıcı yerli və beynəlxalq media - informasiya agentlikləri, jurnallar, veb saytların informasiya dəstəyi ilə təmin edilib.

Sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, həmçinin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organizers" (CEO) şirkəti çıxış edir.

 

Açar sözlər: ADEX