Azərbaycanda arıcılığın maliyyələşdirilməsi üçün kredit təşkilatlarının yaradılması təklif edilib

17.08.2018,11:20


17 avqust, Fineko/abc.az. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Arıçılar Assosiasiyasının nümayəndələrini qəbul edib.

Görüşdə “Api-Delta” arıçılıq şirkətinin direktoru Bədrəddin Həsrətov bildirib ki, hazırda ölkədə 300 min arı ailəsi mövcuddur və hər il ölkədə 3 min ton bal istehsal edilir.

“Eyni zamanda, bu sahənin inkişafı üçün dövlət dəstəyinin təmin edilməsi, xüsusən də arıçılara subsidiyaların verilməsi zərurəti var. Arıçılar Assosiasiyası arı ailələrinin qeydiyyatı prosesinə cəlb edilə bilər. Təklif edilən kompleks  tədbirlərin həyata keçirilməsi yerli tələbatın tam həcmini və hətta ixracın artımını təmin edəcəkdir”, - B.Həsrətov belə deyib.

Görüşdə iştirak edən digər arıçılar, arıçılığın inkişafının təmin edilməsi üçün təkliflərini irəli sürdülər. Xüsusilə, bal yarmarkalarının təşkili, daimi bal satışı mərkəzlərinin yaradılması, arılar üçün yem bazasının yaradılması, arıçılıq kooperativlərinin təsis olunması, seleksiya işlərinin aparılması, arı xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili, təsərrüfatların mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə arı pavilyonlarının gətirilməsi, nektar bazasını artırmaq üçün xüsusi bitkilərin əkilməsi, arıçılıq təsərrüfatlarının işinin düzgün təşkilinə yardım üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Öz növbəsində, nazir İnam Kərimov arıçıların maarifləndirilməsinin artırılmasının, həmçinin  arıçılıq sektorunda ekoloji təmiz məhsullar üçün standartların müəyyən edilməsi və xüsusi markaların yaradılması zəruriliyini qeyd etdi.