Bakı Nəqliyyat Agentliyi 3-cü mikrorayon dairəsindən metronun “Memar Əcəmi” stansiyasına qədər sahədə hərəkəti dəyişdirir

18:09 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yollarda hərəkətin keyfiyyətinin təminatı üzrə tədbirləri davam etdirir.

Agentliyin məlumatında deyilir ki, 3-cü mikrorayon dairəsi və "Memar Əcəmi" metrostansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri aparılır.

“Agentliyinin mütəxəssisləri nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb. Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda qeyd edilir ki, hərəkətə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.

"Memar Əcəmi" metrostansiyası yaxınlığında dairənin həndəsi ölçülərində dəyişiklik ediləcək və nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək”, - BNA bunu bildirdi.

 


Bütün xəbərlər