330x110
 

Prezident BMT-nin keçmiş baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar başsağlığı verib

19.08.2018,09:50


19 avqust, Fineko/abc.az.  Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı ilə əlaqədar qurumun indiki baş katibi Antonio Quterreşə başsağlığı verib. Başsağlığının mətnində deyilir:
 
"Hörmətli cənab Baş katib,
Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr verib.
 
Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olub.
Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 18 avqust 2018-ci il.