Məleykə Abbaszadə ilə “ETS Global” təşkilatının nümayəndələri arasında ikitərəfli görüş olub

16:15 - 27.08.2018


27 avqust, Fineko/abc.az. “ETS Global” təşkilatının nümayəndələrinin Azərbaycana olan 5 günlük işgüzar səfərinin ilk günündə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə görüş təşkil olunmuşdur.

Görüşdə “ETS Global”ın Türkiyə bürosundan nümayəndə olaraq Akademik və dövlət münasibətləri koordinatoru Zeynep Kaptan və Biznes məsələləri koordinatoru Simla Yuceakın iştirak etmişdir. Nümayəndələr təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə TOEFL imtahanı barəsində geniş məlumat vermiş və DİM ilə əməkdaşlıq pespektivləri barəsində müzakirələr aparmışdır.

Aparılan müzakirələrdə qeyd olunmuşdur ki, son dövrlər təhsil, peşə, miqrasiya və.s məqsədlər üçün ingilis dili biliyinin qiymətləndirilməsində nəzərə alınan xüsusi dünya standartları olduğundan vətəndaşların TOEFL kimi beynəlxalq imtahanlara marağı artmışdır. Səfərin əsas məqsədlərindən birinin də məhz TOEFL imtahanların Azərbaycanda təbliğinin daha da genişləndirilməsi, eyni zamanda TOEFL imtahanına hazırlığın inkişaf etdirilməsi olduğu xüsusilə vurğulanmışdır.

Bununla yanaşı, qonaqlar hal-hazırda DİM-tərəfindən keçirilən ETS-ə məxsus TOEFL IBT və SAT imtahanları, həmçinin gələcəkdə keçirilməsi planlaşdırılan “Cambridge Assesssment English” və ACCA kimi beynəlxalq imtahanlar barəsində də məlumatlandırılmışdır.

Görüşün sonunda xanım Məleykə Abbaszadə “ETS Global” təşkilatının nümayəndələrinin səfər çərçivəsində DİM və ADA Universitetində yerli müəllimlər üçün həyata keçirəcəkləri TOEFL təliminə görə öz minnətdarlığını bildirmişdir. Sədr, həmçinin DİM-in “ETS Global” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu və qarşılıqlı önəm kəsb edən sahələrdə mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Bütün xəbərlər