Ağdaşda bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır

12:50 - 28.08.2018


28 avqust, Fineko/abc.az.  Respublikada insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarışı profilaktik tədbirlər davam etdirilir.

Hazırda Ağdaş rayonunda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan “Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir.

İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 8102 baş iribuynuzlu, 18685 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbiri davam etdirilir.

Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 18486 baş iribuynuzlu heyvandan, 2193 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.

2018-ci ilin yanvar-iyul  ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Qeyd edək ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Azərbaycanda bu xəstəliyin ləğvi istiqamətində lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilir.

Bütün xəbərlər