İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

15:24 - 28.08.2018


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident İ.Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı”nın (“Digital Trade Hub of Azerbaijan”) ölkəmizdən kənarda tanıdılması istiqamətində də fəaliyyətini davam etdirir. Xüsusən də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılmasını ilə bağlı müvafiq işlər görülür. “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” operatoru kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də (İİTKM) bu prosesə öz töhfəsini verir və diplomatik korpuslarla əməkdaşlığı dərinləşdirir.

İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn də bu məqsədlə Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı Səfirliyinin rəsmisi ilə görüşüb.  Müvəqqəti işlər vəkili Elcan Həbibzadə Avstraliyada elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi ilə bağlı Avstraliya dövlətinin Rəqəmsal Transformasiya Agentliyi (Digital Transformation Agency) ilə müvafiq müzakirələr keçirdiyini bildirib. O, vurğulayıb ki, Avstraliya dövləti ilə bu sahədə əməkdaşlıq imkanları araşdırılır.

Həmçinin  müvəqqəti işlər vəkili qeyd edib ki, qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi qaydası barədə məlumatlar ingilis dilinə tərcümə edilərək səfirliyin internet informasiya ehtiyatlarında yerləşdirilib və bu barədə mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirilir.

Müvafiq proseduralar tam yekunlaşdıqdan sonra isə xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsi təmin ediləcəkdir.

Bütün xəbərlər