“ETS Global” təşkilatının nümayəndələri yerli müəllimlər üçün “TOEFL iBT Propell” təlimi keçirir

12:46 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ-ın “Educational Testing Service Global” (ETS Global - Təhsilin Qiymətləndirilməsi üzrə Qlobal Xidmət) təşkilatının nümayəndələrinin 27-31 avqust tarixlərində Bakıya səfəri həyata keçirilməkdədir.

Səfər çərçivəsində ETS Global təşkilatının nümayəndələri tərəfindən ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş iki “TOEFL iBT Propell” təlimin keçirilməsi nəzərdə tutulub.

Avqustun 29-da DİM-in inzibati binasında keçirilən ilk təlimə Dövlət İmtahan Mərkəzinin ekspert qrupu və TOEFL iBT imtahanlarına hazırlıq həyata keçirən və bu imtahanlara hazırlığın tədrisində maraqlı olan 30-a yaxın müəllim cəlb olunub.

Həm məlumatlandırıcı, həm də təcrübi-məşğələlər xarakteri daşıyan təlimdə TOEFL iBT imtahanınının qiymətləndirmə meyarları, tədris zamanı bacarıqların inkişafına istiqamətləndirilmiş xüsusi metodoloji vasitələrin istifadəsi iştirakçıların nəzərinə çatdırılır. Təlimdə, eyni zamanda iştirakçılara TOEFL iBT imtahanında ölçülən hər bir bacarıq (yazı, danışıq, oxu və dinləmə) üçün tərtib olunmuş xüsusi tapşırıqlar verilir.

İnteraktiv keçən təlimdə müzkirələr zamanı TOEFL iBT imtahanının formatında digər dillərdə, xüsusilə Azərbaycan dilində beynəlxaq səviyyəli imtahanın təşkilinin mümkünlüyü də qeyd edilib.

Xatırladaq ki, səfər proqramına uyğun olaraq eyni məzmunlu digər təlim 31 avqust 2018-ci il tarixində ADA Universitetində keçiriləcəkdir.

Bütün xəbərlər