Prezident İlham Əliyev Çinin nümayəndə heyətini qəbul etdi

14:42 - 30.08.2018


30 avqust, Fineko/abc.az.  Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısının saytında xəbərə əsasən, prezident Əliyev qeyd edib ki, Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost  ölkədir.

“Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərindən sonra dövr ərzində ikitərəfli münasibətlərin bütün istiqamətlərdə daha da inkişaf etdiyini, Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiklərini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bu dövr ərzində siyasi və iqtisadi əlaqələrimiz daha da möhkəmlənib. Prezident İlham Əliyev xanım Li Syaolinin Azərbaycana səfərinin maraqlı və səmərəli keçəcəyinə, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi”, - məlumatda belə deyilir.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilk dəfə olaraq Azərbaycana səfər etdiyini vurğulayaraq, Prezident İlham Əliyevlə görüşməkdən böyük şərəf olduğunu bildirdi.

“O bildirdi ki, Bakıya gəldikləri qısa müddət ərzində paytaxtda gördüyü inkişaf prosesləri nümayəndə heyətinin üzvlərinə dərin təəssürat bağışlayıb. Xanım Li Syaolin rəhbərlik etdiyi qurum haqqında dövlətimizin başçısına məlumat verdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdiyini və bunun hər yerdə hiss olunduğunu qeyd etdi. Qonaq Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti haqqında məlumat verdi, maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı imkanların mövcud olduğunu dedi”, - məlumatda belə deyilir.

Söhbət zamanı iqtisadi və humanitar sahələrdə əməkdaşlıq müzakirə olundu və Çin turistlərinin Azərbaycana böyük maraq göstərdiyi qeyd edildi.

 

Bütün xəbərlər