Günərzi qayğı mərkəzinin uşaqlarının əl işlərinin xeyriyyə satış-sərgisi təşkil edilib

15:48 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzində uşaqların əl işlərindən ibarət xeyriyyə satış-sərgisi təşkil olunub.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun dəstəyi ilə təşkil olunan tədbir buradakı uşaqların ilkin bacarıq və qabiliyyətlərinin dəstəklənməsi, onların faydalı əməyə cəlb edilməsinin stimullaşdırılması, öz bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb. 

30-a yaxın əl işinin təqdim olunduğu tədbirdə rayondakı müxtəlif qurumların, təhsil müəssisələrinin nümayəndələri, habelə ayrı-ayrı iş adamları iştirak ediblər. Təqdim olunan əl işləri, həmçinin tədbir zamanı mərkəzdəki uşaqların ifa etdikləri mahnı və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Satış-sərgidən əldə olunan vəsait yeni tədris ili ərəfəsində həmin uşaqların müxtəlif məktəb ləvazimatları ilə təmin olunması üçün nəzərdə tutulub. 
“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən yaradılan mərkəzin fəaliyyətinin məqsədi çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, belə uşaqların, onların ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsidir.

Bütün xəbərlər