Bakı avtovağzalı noyabr ayından etibarən Bakıdan Ukrayna şəhərlərinə beynəlxalq reyslər həyata keçirəcək

10:54 - 6.11.2017


6 noyabr, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində beynəlxalq avtobus reysi fəaliyyətə başlayır.

Avtovağzaldan  verilən məlumata əsasən,yeni reys noyabrın 9-dan etibarən cümə axşamı günləri fəaliyyətə başlayır. 

“40 saat davam edən reys üçün biletləri həm kassalardan, həm də elektron şəkildə əldə etmək olar”, - avtovağzalın məlumatında belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, 13 noyabr tarixindən başlayaraq bazar ertəsi günləri Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi (15:00) həyata keçiriləcək. Avtobus Kiyev Mərkəzi Avtovağzalından Bakı vaxtı ilə saat 11:00-də çıxacaq. Bir istiqamətə olan biletlərin qiyməti 100 manat təşkil edir, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşdan 10 yaşa qədər uşaqlar üçün gediş haqqı biletin qiymətinin 50%-ni təşkil edəcək.

Biletlərin  qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

 

Bütün xəbərlər