Azərbaycanlı şagirdlər Beynəlxalq İnformatika Olimpiadasında

18:05 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Sentyabrın 1-dən 9-dək Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçiriləcək. Hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 nəfər şagirdin qatılacağı gözlənilir.

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadası beş beynəlxalq elm olimpiadasından biridir.

Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində qabiliyyətli olan gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.

Olimpiadada ölkəmizi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edəcəklər.

Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.

Beynəlxalq olimpiadalara hazırlıq məqsədilə Bakı və Sumqayıt şəhərlərində hazırlıq qrupları təşkil olunub. Yuxarı yaş qrupu üzrə 6 şagird, aşağı yaş qrupu üzrə Bakı şəhərindən 12, Sumqayıtdan isə 10 nəfər məşğələlərə cəlb olunub.

Dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Azərbaycan məktəbliləri ilk dəfə 1994-cü ildə İsveçrədə keçirilən bu elm yarışında iştirak edib. Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

Növbəti Beynəlxalq İnformatika Olimpiadası 2019-cu ildə Bakı şəhərində keçiriləcək.

 

Bütün xəbərlər