Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçirildi

10:36 - 1.09.2018


31 avqust, Fineko/abc.az. Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev muzeyinin açılış mərasimi keçirildi.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, şairin ailə üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirdi ki, Şəki şəhəri Azərbaycanın ədəbiyyat, mədəniyyət tarixində öz yeri olan böyük şəxsiyyətlərin vətənidir. Gələcək nəsillər üçün zəngin irs və dəyərli nümunələr yadigar qoyan bu insanların xatirəsi həm ölkəmizdə, həm də burada – Şəkidə daima əziz tutulur: “Şəki şəhəri Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə böyük şəxsiyyətlər, dühalar bəxş edib. Onlardan biri də Bəxtiyar Vahabzadədir. Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk  dünyası ədəbiyyatında özünəməxsus yeri, dəsti-xətti olan şairlərdəndir. İstisnasız olaraq millətin bütün nümayəndələrinin, hər bir vətəndaşın sevgisini, rəğbətini qazanmış nadir söz sənətkarlarındadır. O həm də istiqlal mücahidi, Azərbaycan xalqının taleyüklü məsələlərinə həssas, milli mənafeləri müdafiə edən bir ziyalı olmuşdur. Bəxtiyar Vahabzadə nə qədər millətini, vətənini sevirdisə, xalq da, ölkə də o qədər onu sevir. Açılışına toplaşdığımız ev muzeyində də bu məqamların imkan daxilində əks etdirilməsinə çalışıb”.

Şairin ailəsi adından çıxış edən qızı Gülzar Vahabzadə bildirdi ki, Bəxtiyar Vahabzadə erkən yaşlarında ailəliklə Şəkidən köçsə də, daim doğulduğu yurda bağlı qalmış, buradan ilham almışdır. O, ev muzeyinin yaradılmasına görə ailəsi adından ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.

Qeyd edək ki, ev muzeyində bərpa, yenidənqurma işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olduğu Ə.Haqverdiyev küçəsi, 73 ünvanında yaradılan ev muzeyinin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan ibarətdir. Həmçinin inzibati və fond otaqları mövcuddur. Muzeyin ekspozisiyası şairin ailəsi tərəfindən təqdim edilmiş sənəd, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar əsasında formalaşdırılıb. Burada ümumilikdə 735 ədəd eksponat nümayiş olunur.

Bütün xəbərlər