330x110
 

Soçidə Azərbaycan-Rusiya sənədləri imzalanıb

03.09.2018,09:47


3 sentyabr, Fineko/abc.az. Şənbə günü, sentyabrın 1-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Dövlət başçısının rəsmi saytında deyildiyi kimi, İlham Əliyev və Vladimir Putin “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı imzaladılar.

Daha sonra “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalandı.

Bundan sonra, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

“Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi” imzalandı.

“Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalandı.

Daha sonra, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş” imzalandı.

Daha sonra, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalandı.