Fiziki qüsurlu məktəblilər üçün yeni imkan

11:47 - 6.11.2017


“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə start verilib.

Layihəyə başlanılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin sektor müdirləri Anar Qədiməliyev və Bəşarət Məmmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, məktəbin direktoru Kəmalə Şıxlinskaya, müəllimlər, 55 və 95 nömrəli tam orta məktəblərin sağlamlıq imkanları məhdud olan şagirdləri və media nümayəndələri iştirak edib.

Tədbirdə məktəbin direktoru Kəmalə Şıxlinskaya məlumat verib ki, 59 nömrəli tam orta məktəb tərəfindən hazırlanan  “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib. Layihənin əsas məqsədi ümumilikdə sağlamlıq imkanları məhdud olan, o cümlədən valideyn himayəsindən məhrum edilmiş xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasından ibarətdir. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər təşkil edilir. Bu ilin dekabrında yekun vurulacaq layihənin sonunda iştirakçı olmuş istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçiriləcək, onlar Fəxri Fərmanla təltif ediləcəklər.

Tədbirdə çıxış edən BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərin üzləşdikləri çətinliklərdən danışıb, layihənin onların cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ölkədə xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan bəhs edib, orijinallığı və humanist mahiyyəti ilə diqqət çəkən “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” layihəsinin digər məktəblər üçün nümunə ola biləcəyini qeyd edib.

Digər natiqlər də layihənin əhəmiyyətindən söhbət açıb, müvafiq işlərin davamlı olmasının vacibliyini önə çəkiblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Məktəblilər şeir söyləyib, mahnı ifa edib, səhnəciklər göstəriblər.

Bütün xəbərlər