Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş keçirib

17:58 - 3.09.2018


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları qazandıqları uğura görə təbrik edir. Belə görüşlərdən biri Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd orta məktəbinin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Bilik Fondunun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərən jurnalistlər “dəyirmi masa” ətrafına toplaşıblar.

Ü.Fərzəliyev fondun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışıb, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və səmərəliliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırıb. Bildirilib ki, Bilik Fondu gənclərlə daha sıx əlaqələrin qurulmasının vacibliyini əsas götürərək dərnək və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb.

Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov rayon rəhbərliyinin təhsilin inkişafı istiqamətində dövlət səviyyəsində həyata keçirilən islahatlara dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı. Fondla yerli icra hakimiyyəti arasında geniş əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin bu il ali məktəblərə qəbulolma səviyyəsinin statistikasını açıqlayıb.

Əməkdar müəllim Seyran Səfərov nəinki Neftçala rayonunun, bütövlükdə ölkənin yüksək bal toplayan gəncləri ilə fəxr etdiyini deyib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusunda məruzəsində bilikli və bacarıqlı mütəxəssisə çevrilməyin vacibliyindən və bu mərtəbəyə yüksəlməyin yollarından danışdı. Fondun fəaliyyətindən söz açan mətbuat katibi tələbələrin təmsil olunduqları “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək”, bu yaxınlarda fəaliyyətə başlayacaq “Diplomatlar”, “Kinoklub”, bu görüşün davamı olaraq hazırlanacaq “İntellekt” klublarının mahiyyəti barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırılıb ki, “İntellekt” klubunda xüsusən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr təmsil olunacaqlar.

Orta məktəbi qızıl medalla bitirən gənclər – Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Raya Səfərova, Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sevil Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Rəsul Əliyev müəllimlərə və valideynlərə çəkdikləri əziyyətə görə dərin minnətdarılıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Məzunlar belə görüşlərin mütəmadi keçirilməsini arzulayıblar.

Sonda Heydər Əliyev Muzeyinə ekskursiya təşkil edilib. Tələbələr ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar. Onlara Ümummilli Liderin keçdiyi şərəfli ömür yolu barədə geniş məlumat verilib.

 

 

Bütün xəbərlər