İlham Əliyev: Yaxın illərdə Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard dollara çatacaq

09:40 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Azərbaycan qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə iri investisiyalar qoyur.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində Azərbaycan prezidenti bildirib ki, son illər ərzində Türkiyənin iqtisadiyyatına 14 milyard dollar investisiya qoyulub, Türkiyə isə təxminən eyni həcmdə Azərbaycana investisiya qoyub.

“Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan”, - İlham Əliyev belə deyiyb.

Prezident vurğulayıb ki,  Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və  Azərbaycan bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik.

Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək.

İlham Əliyev Macarıstan, Özbəkistan və Qırğızıstanı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan Asiya və Avropa arasında yük daşımaları üçün istifadə etməyə çağırıb.

“Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”, - deyə İlham Əliyev  bildirib.

 

Bütün xəbərlər