İlham Əliyev: Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq

10:39 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində Azərbaycan prezidenti bildirib ki, bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. “Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur”, - İlham Əliyev bunu deyib.

Azərbaycan prezidenti vurğulayıb ki, bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü.

“Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır”, - Azərbaycan prezidenti belə deyib.

İlham Əliyev qeyd edib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib.

“Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”, - deyə İlham Əliyev bildirib.

 

Bütün xəbərlər