AQTA əməkdaşları üçün “Qida Təhlükəsizliyi üzrə Dövlət Nəzarət Yoxlamaları” mövzusunda təlim keçirir

15:39 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları üçün “Qida Təhlükəsizliyi üzrə Dövlət Nəzarət Yoxlamaları” mövzusunda təlim keçirir.

Təlim “Megapesca Lda” şirkətinin İdarəedici Meneceri, Qida Təhlükəsizliyi qanunvericiliyi, balıqçılıq və akvakultura üzrə institusional, hüquqi tənzimləmələr və siyasət sahəsində məsləhətçi, araşdırmaçı, beynəlxalq ekspert İan Goulding tərəfindən aparılacaq. 

04, 05, 07, 12 və 13 sentyabr 2018-ci il tarixlərində keçiriləcək təlimlər zamanı “risk əsaslı qida təhlükəsizliyi nəzarət sistemi üzrə müasir konsepsiyalar və prinsiplər”, “qida təhlükəsizliyinə Avropa İttifaqı yanaşması”, “qida məhsullarının və müəssisələrin sertifikatlaşdırılması və qeydiyyatı”, “laboratoriyalarda qida təhlükəsizliyi dövlət nəzarət sisteminin təşkil olunması”, “qida təhlükəsizliyi dövlət nəzarəti üzrə risk əsaslı yanaşmalar”, “qida təhlükəsizliyi üzrə dövlət nəzarəti və yoxlamalar”, “idxal və ixrac üzrə sərhəd nəzarəti”, “qida təhlükəsizliyi hadisələri və böhran vəziyyətinin idarə olunması” və “qida təhlükəsizliyinin idarə edilməsinin beynəlxalq aspektləri” kimi mövzular əsasında təqdimatlar olacaq və müzakirələr aparılcaqdır.

Təlim çərçivəsində iştirakçılar təlimçi ilə birlikdə Agentliyin laboratoriyaları ilə tanış olacaq, un məmulatları, şirniyyat və qida məhsullarının distribusiyası ilə məşğul olan “Delta Qrup C.O.” MMC-də qida təhlükəsizliyi istiqamətində fəaliyyətləri izləyəcəklər.

Qeyd edək ki, beynəlxalq ekspert İan Goulding-in Azərbaycana 15 günlük səfəri çərçivəsində təlimlərlə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində müasir standartların, qanunvericilik aktlarının, idarəetmə sistemlərinin tətbiqinə, eyni zamanda qurumda fəaliyyət göstərən mütəxəssislərin ixtisasının artırılması, kiçik və orta biznes subyektlərinin qida təhlükəsizliyi üzrə maarifləndirilməsi sahəsində mütəmadi tədbirlər təşkil edir.

 

Bütün xəbərlər