Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-a etiraz notası göndərib

11:43 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Səfirliyinin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib

XİN-in məlumatında deyilir ki, ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Nazirliyə çağırılmışdır.

“ABŞ-ın Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı, ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub”, - məlumatda belə deyilir.

Görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi diqqətə çatdırılıb.

“Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etmiş və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açmışdır”, - məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Dan Bilzeryanın bu kimi qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görülür.

“Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzerian adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın Respublikasının mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub”, - məlumatda belə deyilir.  

 

Bütün xəbərlər