Kəmaləddin Heydərov Polşada səfərdə olub

12:40 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 4-də fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur. 

Səfər çərçivəsində Polşa Respublikasının hökumət nümayəndələri ilə görüşlər keçirilmiş,  səmərəli müzakirələr aparılmışdır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yadviqa Emileviç, infrastruktur nazirinin müavini, Azərbaycan Respublikası – Polşa Respublikası nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri Andjey Bittel ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı və Komissiyanın növbəti iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Həmçinin, görüşlər zamanı iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan-Polşa iqtisadi “dəyirmi masası” keçirilmişdir. “Dəyirmi masa”da ölkələrimiz arasında iqtisadi inkişafın hazırki səviyyəsi müzakirə edilmiş, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Bütün xəbərlər