Azərbaycan Prezidenti Yaponiyanın xarici işlər nazirini qəbul edib

15:23 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısının saytı xəbər verir ki, Taro Kono Yaponiya enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirdi.

“Taro Kono Yaponiyanın “İtoçu” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğuladı”, - məlumatda belə deyilir.

Nazir daha sonra dedi ki, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti Yaponiya şirkətlərinin Azərbaycanda fəal podratçı və investorlar olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.

İlham Əliyev ölkəmizə gələn turist sayının artması və ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun mövcudluğundan danışıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin, o cümlədən aqro-sənaye kompleksi, turizm, investisiya və digər sahələrdə genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu qeyd edilib.

 

Bütün xəbərlər