Mədəniyyət naziri Özbəkistanda keçiriləcək muğam sənəti forumunda iştirak edəcək

13:20 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. 6-10 sentyabr 2018-ci il tarixində Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində Makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcəkdir. Tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

YUNESKO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə makom sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Bütün xəbərlər