Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində elektron xidmətlər genişlənir

17:42 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılacaq.

Azərbaycan prezidenti İlham Əliyev bu gün “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi” haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün çox işlər görülmüşdür.

Lakin, şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması üçün bir  sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə "e-sosial" internet portalının üç ay müddətində yaradılmasını təmin etmək tapşırılıb.

Fərdi məlumatların və “e-sosial” portal vasitəsilə həyata keçirilən əməliyyatların təhlükəsizliyini təmin etmək üçün Əmək Nazirliyinə zəruri tədbirlərin görülməsi tapşırılıb.

 

 

Bütün xəbərlər