Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi

16:12 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.Bu məqsədlə 2018-ci il sentyabrın 06-da Beyləqan rayonunun Əmirzeyidli kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanmışdır.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki,183 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 908 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Bütün xəbərlər