Sabirabadda aqrar sahə üzrə ilk kooperativ layihənin təqdimatı keçirilib

17:00 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Sabirabad rayonunun Çölbeşdəli kəndində kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova, nazirliyin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov tərəfindən aqrar sahə üzrə yaradılması planlaşdırılan ilk kooperativ layihənin təqdimatı keçirilib.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, kənd icra nümayəndəlikləri, bələdiyyə üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov təqdimatla çıxış edərək, yaradılması nəzərdə tutulan kooperativ haqqında geniş məlumat verib, kooperativ təsərrüfatın ərazisi, qurulma məqsədi barədə məlumatları kənd sakinlərinin diqqətinə çatdırıb. A. İsmayılov bu layihənin icrasında əsas məqsədin aqrar sahənin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sosial-rifah halının yaxşılaşdırılması olduğunu deyib.

Kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək kooperativin əhəmiyyəti və faydaları haqqında məlumat verib. O bildirib ki, Çölbeşdəli kəndində yaradılacaq kooperativin gələcəkdə innovativ təsərrüfat subyektinə çevrilməsi nəzərdə tutulub. Müşavir yaradılacaq kooperativə innovasiyaların tətbiq olunacağını qeyd edib.

Təqdimat zamanı kənd sakinlərinin sualları cavablandırılıb, onlarla geniş müzakirələr aparılıb.

Bütün xəbərlər