BMT-də Azərbaycandakı tolerantlıq, dialoq və sülh ənənələrindən danışılıb

07.09.2018,12:20


7 sentyabr, Fineko/abc.az. Azərbaycan milli və beynəlxalq səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun dəstəklənməsinə birinci dərəcəli əhəmiyyət verir.

Ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri sentyabrın 5-də BMT-nin Sülh mədəniyyəti forumundakı çıxışında söyləyib.

2012-ci ildən başlayaraq hər il keçirilən forumun əsas məqsədi düzgün insani münasibətlər kimi məlum olan sülh mədəniyyəti yaradılması sahəsində fəal çalışan vətəndaşların, beynəlxalq təşkilatların və hökumətlərin qlobal hərəkatını gücləndirməkdir.

Diplomat vurğulayıb ki, sülh mədəniyyətinin təşviq edilməsi həm də münaqişələrin nizamlanması baxımından vacibdir. O qeyd edib ki, Azərbaycan münaqişələrin qarşısının alınması, böhranlı vəziyyətlərə vaxtında və təsirli münasibət bildirilməsi, üzv dövlətlərin sülhün dəstəklənməsinə, sabit və firavanlaşan cəmiyyətlər yaradılmasına yönəlmiş səylərində onlara kömək göstərilməsi üçün BMT baş katibinin səylərini tamamilə dəstəkləyir.

Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpü rolu oynayır. Bu rol Azərbaycanda bir sıra səmərəli beynəlxalq tədbirlər keçirilməsində, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş mühüm təşəbbüslər irəli sürülməsində təzahür edib. Belə təşəbbüslərdən biri də Azərbaycanın rəhbərliyi altında uğurla həyata keçirilən, dinlərarası və mədəniyyətlərarası dialoq haqqında biliklərin mübadiləsi üçün genişmiqyaslı platformanı təmin edən “Bakı prosesi”dir. Y.Əliyev bildirib ki, BMT baş katibi sülh mədəniyyətinə kömək, dinlərarası və mədəniyyətlərarası dialoq, sülh naminə anlaşma və əməkdaşlıq haqqında son məruzəsində “Bakı prosesi”nin mühüm rolunu xüsusi qeyd edib. Bu platformanın tərkib hissəsi olan, iki ildə bir dəfə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan tərəfindən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, həmçinin İSESCO ilə əməkdaşlıq şəraitində təşkil edilir.

Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbəri qeyd edib ki, Baş Assambleya özünün 72/136 nömrəli “Dinlərarası və mədəniyyətlərarası dialoqa, sülh naminə qarşılıqlı anlaşmaya və əməkdaşlığa kömək” adlı qətnaməsində mədəniyyətlərarası dialoqa yardım üçün mühüm qlobal platforma kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edib. Bu il “Bakı prosesi” 10 illiyini qeyd edir.

Vurğulanıb ki, dialoqa, sülh mədəniyyətinə və multikulturalizmə dair uğurlu təşəbbüslərin həyata keçirilməsi üçün BMT və daha geniş beynəlxalq ictimaiyyət tərəfindən daimi dəstək dinc və inklüziv cəmiyyətlər qurulması, stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması, kompleks inkişaf konsepsiyasının həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Y.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası qarşılıqlı anlaşmanın və müxtəlifliyə hörmətin dəstəklənməsinə yönəlmiş səylərini davam etdirməyə çalışır və bu məqsədlə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

Açar sözlər: BMT Yaşar Əliyev