Onbranch startapından “Gənc Ol!" istifadəçiləri üçün yeni imkanlar

10.09.2018,10:05


10 sentyabr, Fineko/abc.az. Azercell Telekom tərəfindən ölkəmizdə gənclər üçün sahibkarlıq mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir yerli startapın fəaliyyətinə təkan vermis oldu.

Onbranch startapının təqdim etdiyi yeni layihəyə əsasən Azercell şirkətinin “Gənc Ol!" loyallıq proqramı Onbranch mobil tətbiqinə inteqrasiya ediləcək. Beləliklə, "Gənc Ol!" abunəçiləri Onbranch tətbiqini yükləməklə yaxınlıqda olan endirimlər və aksiyalar barədə dərhal məlumat ala biləcəklər. Bununla yanaşı, abunəçilər üzv olduqları "Gənc Ol!" platforması ilə daha sıx və faydalı təması məhz Onbranch üzərindən qura biləcəklər.Startapın texniki imkanları vasitəsilə loyallıq sisteminin daha çevik, effektiv və əlçatan olması nəzərdə tutulur. Mobil tətbiq vasitəsilə loyallıq proqramına qoşulmaq və sərfəli endirimlərdən yararlanmaq üçün “Gənc Ol!” tarifinin abunəçiləri https://onbranch.com/gencol linkinə daxil ola bilərlər.

Xatırladaq  ki, Onbranch "Baku Business Factory"-nin dəstəklədiyi layihələrdən biridir və Azercell Telekom-un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bank, Patent və Əmtəə Nişanları Mərkəzi, İsveçrənin Azərbaycandakı səfirliyi, eləcə də ADA Universitetinin dəstəyi ilə keçirilən "Seedstars World" müsabiqəsinin qalibi elan olunaraq Azərbaycanın ən yaxşı startapı seçilib.

Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi bundan sonra da startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.