Dəri xərçəngi- melanoma

10.09.2018,12:35


Melanoma –dəri xərçəngi növlərindən ən təhlükəlisidir. Əvvəllər nadir rast gəlinən növ hesab olunsa da, son illər xərçəngin bu növü sürətlə artmaqdadır. Xəstəliyin gecikmiş mərhələsi ölümcül olduğu halda, əgər ilkin dövrdə aşkarlanarsa müalicə mümkündür. 
Əlamətləri:
Həkimə nə vaxt müalicə etməli olduğunuzu bilmək üçün 5 əlamətə diqqət etmək lazımdır. ABŞ Dermatoloji Dərnəyi bu simptomları ABCDE kimi adlandırır:

Asymmetry- assimetriya
Əgər xalın bir yarısı digər yarısından çox fərqlənirsə mütləq həkimə müraciət edin.
Border irregularity- sərhədlərin qeyri-düzgün olması
Xalın kənarlarının nahamar olması və ya sərhədlərinin aydın olmaması melanomaya işarə edə bilər.
Color- rəng
Rəngbərəng və ya çox tünd xal da melanomaya xarakterikdir.
Diameter- diametr
Diametri 6 mm-dən böyük xallara diqqət etmək vacibdir, amma daha kiçik ölçülü xal da melanoma ola bilər.
Evolution -dəyişiklik
Xalın ölçü, rəng və ya sərhədlərinin dəyişməsini aşkar etdiyiniz zaman dərhal həkimə müraciət edin.

Əgər xalda qeyd etdiyimiz dəyişikliklər yoxdursa, lakin sizə elə gəlirsə ki, nə isə normal deyil- əmin olmaq üçün həkimə müraciət mütləqdir. 

Necə qorunmalı?

Melanoma daxil olmaqla dəri xərçənginin bütün növlərində günəşdən qorunmaq mütləqdir. Günorta saatlarında-10.00-16.00 aralığında günəş şüalarının altında qalmamağa çalışın. Günəşdən qoruyucu kremlərdən istifadəni adət halına salın. Qoruyucu kremlər seçərkən UVA və UVB şüalarıın hər ikisindən qoruyucu faktoru olanları seçin. Günəş vannaları və süni qaralma vasitələrindən uzaq durun. Ayda bir dəfə xallarınıza diqqətlə baxın, xüsusilə bədənin günəş şüalarına ən çox məruz qaldığı yerlərdə- əllər, üz, kürəkdə olan xallara diqqət yetirin.

Açar sözlər: Melanoma