Gürcüstanla həmsərhəd rayonlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndlənmə işləri başa çatıb

14:26 - 10.09.2018


10 sentyabr, Fineko/abc.az. Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatdan sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatit xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib. Vaksin lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Eləcə də heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatit xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.

Vaksinlər sahə baytarlıq məntəqələrinə paylanıb və peyvəndləmə tədbiri “soyuq zəncir” prinsipinə uyğun aparılıb. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılıb. Artıq Gürcüstanla həmsərhəd olan rayonlarda və heyvanların kütləvi satışı həyata keçirilən Bərdədə peyvəndləmə tədbiri yekunlaşıb.  

2018-ci ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2455071 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. 

Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

Bütün xəbərlər