Hesab.az yeniləndi

10.09.2018,15:04


10 sentyabr, Fineko/abc.az. Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az bazarda həmişəki kimi liderliyini qoruyub saxlayır. Hesab.az daim yenilikləri ilə mövcud rəqabət şəraitində rəqiblərindən fərqlənən, dünyada baş verən qlobal iqtisadi və texnoloji yeniliklərə uyğunlaşmağa səy göstərən bir şirkət profile ilə çıxış etmişdir.Yaxın günlərdə istifadəçilərə daha rahat, sürətli və təhlükəsiz ödəmə əməliyyatlarını yerinə yetirmələri üçün mövcud Hesab.az saytı və mobil tətbiqi yeniləndi.

Yeni Hesab.az - daha çox müştəri yönümlü olduğunu, rahat istifadə qaydalarını və daha sürətli ödənişləri əks etdirən bir platformadır. Əlavə olunmuş yeniliklər və xidmətlər arasında istifadəçi profili, mobil nömrə və sosial şəbəkələr ilə qeydiyyat, avtomatik ödəniş, borcların əks olunması və seçilmiş ödənişlər funksiyası mövcuddur.

Dünya təcrübəsində də müşahidə olunduğu kimi həyata keçirilən yeniliklərə insanların uyğunlaşması bəzən zaman alır və müxtəlif reaksiyalara səbəb olur. Bütün iş prosesləri, müştəri şikayətləri, təklif və iradlar rəhbərlik tərəfindən izlənilir. Müştəri məmnuniyyəti şirkətin əsas iş prinsipi olduğu üçün rəhbərlik bu mövzulara olduqca həssas yanaşır və şikayətlərin həllini şəxsən nəzarətdə saxlayır.

İstifadəçilərin sayı günü gündən artır və yeni mobil tətbiqinin yükləmə sayında da çox ciddi yüksəliş müşahidə olunur. Gələcəkdə nəzərdə tutulan yeniliklər siyahısında - hesab.az kartları ilə ödəniş, banklardan kredit sifarişi, pul köşürmələri və digər xidmətlər yer alıb.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Açar sözlər: Hesab az GoldenPay