BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı sahəsində peşə təhsilinin inkişafına dəstək göstərirlər

11.09.2018,15:46


11 sentyabr, Fineko/abc.az. Bu gün BP və tərəfdaşları Azərbaycanda kənd təsərrüfatı peşə təhsilinin təkmilləşdirilməsinin dəstəyinə yönəldilmiş 19 yeni kənd təsərrüfatı dərslik və tədris materiallarını təqdim etmişlər.

BP-nin məlumatında deyilir ki, bu layihə dörd kənd təsərrüfatı ixtisası (bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi) üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir.

Layihə BP və tərəfdaşların ölkənin kənd təsərrüfatında peşə təhsilinin yaxşılaşdırılması və kənd təsərrüfatı sektorunun səmərəliliyinin artırılmasına yönəlmiş səylərinin bir hissəsidir.

Layihə Təhsil Nazirliyi ilə birgə həyata keçirilmiş və ölkənin kənd təsərrüfatında peşə təhsili keyfiyyətinin artırılmasına xüsusi olaraq yönləndirilmişdir.

“Ümid edirik ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədris olunmasında istifadə olunacaq bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən  yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Biz öz səylərimizi Təhsil Nazirliyinin səyləri ilə birləşdirərək kənd yerlərindəki icmalara və nəticədə ölkənin kənd təsərrüfatı sektoruna töhfə verməkdən böyük məmnunluq duyuruq. Yeni ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli bir nailiyyət olacaq”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz belə deyib.

Layihə çərçivəsində həmçinin Qəbələ, İsmayıllı və Qaxda yerləşən peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün dərsliklərin müəllifləri tərəfindən 9 master-klas, habelə bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə potensialın yaradılması və yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçirilmişdir.

Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilmişdir – 1-ci mərhələ (sentyabr 2016 – sentyabr 2017) və 2-ci mərhələ (sentyabr 2017 – sentyabr 2018). Ümumilikdə təxminən 9000 nüsxə yeni dərslik və tədris materialı çap olunmuşdur.

Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 000 AZN-dən çoxdur.